Azerbaycanın….

0
519

Azərbaycanın tarixi-mədəniyyət abidələrinə qarşı terror siyasəti

Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır.

Azərbaycan dövləti öz daxili siyasətində bütün dinlərə və kiçik azlıqlara məxsus abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Belə ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Məqsəd bəllidir, işğalçı ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək və özününküləşdirmək istəyirlər.

Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnareva və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını öz yazılarında, çıxışlarında dönə-dönə vurğulayıblar.

Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarına və rəsmi məlumatına əsasən işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən, qəbiristanların sayı isə 900-dən artıq, beynəlxalq əhəmiyyətli abidələrin sayının onlarla olduğu göstərilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Bunun əsas səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər.
Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır.
Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına zidd olmasına baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz olaraq apardığı arxeoloji qazıntı işlərini hələ də davam etdirir, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin işğal olunmuş ərazilərimizdə İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi ilə bağlı hazırladığı hesabatlar bir sıra beynəlxalq təşkilatlara təqdim olunub. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub.

Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması dünya irsinə qarşı qəsd deməkdir. Tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması yolunda böyük işlər görən, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün işğal olunmuş ərazilərdə Azərbaycanın zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməli və bu vəhşiliyə hüquqi qiymət verilməlidir.

Fidan Maqsudova
“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri